Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI

iç səhifə xəbər başlığı altı (mobil)_31
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Biznes əməliyyatları haqqında bu məlumatlar bp-nin müvafiq qurumlarının birgə press relizidir. Bu qurumların hər biri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionundakı müxtəlif apstrim və midstrim bizneslərinin müvafiq olaraq ya operatoru və ya idarəedici təşkilatı kimi çıxış edir. Təqdim olunan məlumatlar və açıqlamalar yalnız o qurumlardan hər hansı birinin əməliyyatçısı olduğu və ya idarə etdiyi müvafiq biznesə aiddir.

2025-ci ilin yekunları

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş (2,92%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2025-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 564 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 288 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində il ərzində 2024-ci ildə əldə olunmuş məlumatların emalı uğurla tamamlanmış və ikinci il üçün məlumatların toplanması işləri başa çatmışdır.

Bundan əlavə, AÇG yatağının Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə əməliyyatları başlanmışdır. Bu işlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunur. Blue Ocean dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya Oceaneering International şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək və bununla da yatağın bundan sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək.

Yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı müdaxilələrin daha erkən həyata keçirilməsini təmin etmək üçün bu proqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən - gəmidən icra olunan müdaxilə üsulundan istifadə edir. Bunun üçün QDYM sistemi Xankəndi sualtı tikinti gəmisi üzərinə inteqrasiya edilib və bütün quyu müdaxilələri birbaşa həmin gəmidən icra olunur.

Bu proqram çərçivəsində dəniz əməliyyatlarının 2026-cı ilin sonunadək bitəcəyi gözlənilir.

Hasilat

2025-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (90 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (51 000), Qərbi Çıraq (24 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 330 000 barel və ya ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyon ton olub.

2025-ci ildə AÇG iki mühüm hadisəni qeyd etdi. Fevralın 18-i Mərkəzi Azəri platformasından ilk neftin əldə olunmasının 20 ili tamam oldu. Mərkəzi Azəri indiyədək ümumilikdə 1,2 milyard barrel (157 milyon ton) neft hasil etməklə AÇG platformaları arasında ən yüksək hasilat göstəcisinə malikdir. Daha sonra, dekabrın 30-u Qərbi Azəri platformasından  ilk neft hasilatının 20 ili tamam oldu. Bu platformadan isə indiyədək 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib.

2025-ci ilin sonunda AÇG-də ümumilikdə 147 neft hasilat quyusu, 49 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

İl ərzində AÇG-də 10 neft hasilatı quyusu, 5 su injektoru, 1 qaz injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu qazılıb tamamlanmışdır.

Səmt qazı

2025-ci il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,7 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Sərbəst qaz

AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) sərbəst təbii qazla (STQ) bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılmış və mövcud Qərbi Çıraq platformasından təhlükəsiz şəkildə qazılmışdır. Bu quyu qiymətləndirmə baxımından da çox əhəmiyyətlidir, çünki quyudan əldə edilən məlumatlar AÇG-dəki  STQ ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək.

2025-ci ildə quyuda qazma işləri uğurla bitmiş və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına - daha dayaz Qırmakıüstü Qumlu (QÜQ) və daha dərin Qırmakıaltı (QA) lay dəstlərinə çıxış təmin edilmişdir.

Quyu ilk STQ hasilatı üçün əsas hədəf lay sayılan QÜQ lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmişdir. Bu laydan hasilat  bu ilin ikinci yarısına planlaşdırılır..

Bundan əlavə, QA lay dəstində də yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilmişdir və 2026-cı ilin birinci yarısında bu laydan hasilata başlamaq planlaşdırılır. Lakin bu, sınaq məqsədilə aparılacaq qısamüddətli hasilat kimi nəzərdə tutulur və bundansonra ilin ikinci yarısından başlayaraq daha dayazda yerləşən QÜQ layından hasilata keçəcəyik.

Səngəçal terminalı

2025-ci ildə  AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

İl ərzində terminal təxminən 209 milyon barel neft və kondensat ixrac etmişdir ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilmişdir.

Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74,4 milyon standart kubmetr (təxminən 2 milyard 628 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.

Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi

İyunun 2-də Səngəçal terminalının investorları Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqlədilər. 230 milyon dollar dəyərində olan bu layihə terminalın AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.

STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

2025-ci ildə STEL layihəsi üzrə üç əsas müqavilə imzalanmışdır və hazırda bu müqavilələr üzrə iş həcminə daxil olan fəaliyyətlər – o cümlədən mühəndis-layihələndirmə, təchizat, quraşdırma və tikinti işləri, təhlükəsiz şəkildə və qrafikə uyğun olaraq davam edir.

Layihə üzrə tikinti işlərinin iki mərhələdə - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək, başa çatacağı nəzərdə tutulur.

Şəfəq günəş layihəsi

2025-ci ilin dördüncü rübündə Şəfəq günəş layihəsi üzrə tikinti işləri Cəbrayıl rayonunda qrafikə uyğun irəliləmişdir. 

2025-ci ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra layihə üzrə biri mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edən, digəri isə modul təchizatı üçün olan iki əsas müqavilə imzalanmışdır. Bu müqavilələr çərçivəsində 2025-ci ildə layihə sahəsində hazırlıq işləri tamamlanmış və tikinti işləri başlanmışdır. Eyni zamanda modul təchizatı üzrə işlər də başlanmış və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılmışdır.

Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Bu işlərin aparılmasında yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət veriləcək. Tikintinin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.  

2025-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 131 milyon dollar, əsaslı xərclərə isə 98 milyon dollar vəsait xərclənmişdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

2025-ci ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 27 milyon ton (təxminən 207 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 283 tankerə yüklənmiş və yola salınmışdır.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).

2025-ci ildə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 2 milyard 315 milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 087 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Hasilat

İl ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.

2025-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.

Şahdəniz 2 layihəsi

2025-ci ilin dördüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində şərq-şimal cinahında qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir.

2025-ci ildə Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam etmişdir. Dördüncü rübdə gəminin ümumi yoxlama və texniki xidmət işləri, o cümlədən yan hərəkəti tənzimləyən qurğunun təmiri uğurla başa çatmışdır. Xankəndi gəmisi quru dokda olduğu müddətdə əməliyyatların davamlılığını təmin etmək məqsədilə ilk çağırış gəmisi kimi Tofiq İsmayılov dalğıc gəmisindən istifadə olunmuşdur.

Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xankəndi gəmisinin əsas iş həcmi olmaqda davam etsə də, hazırda gəmi həmçinin AÇG yatağının Dərinsulu Günəşli ərazisində bir çox quyularda yataqda təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının erkən aşkarlanmasına kömək edəcək sualtı müdaxilə əməliyyatlarına dəstək verir. Bu işlər üçün tətbiq olunan quyuya dikborusuz yüngül müdaxilə sistemi Xankəndi gəmisi üzərinə inteqrasiya edilib.

Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin bir hissəsidir.

Şahdəniz Kompressiya (ŞDK) layihəsi

İyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra ŞDK layihəsi üzrə işlər bir sıra iri müqavilələrin imzalanması ilə irəliləmişdir. Yeni müqavilələr mühəndis-layihələndirmə və təchizat xidmətlərini; üst modulların tikintisini; dayaq blokunun tikintisini; ŞDK platformasının bütövlükdə daşınması və dənizdə quraşdırılmasını, eləcə də sualtı qurğuların layihələndirilməsi, təchizatı, tikintisi və quraşdırılması işlərini əhatə edir.

Bu müqavilələr üzrə tikinti işləri artıq başlayıb və qrafikə uyğun davam etməkdədir.

Tələb olunan hərtərəfli keyfiyyət və əməyin təhlükəsizliyi yoxlamaları uğurla bitdikdən sonra sentyabr ayında ŞDK platformasının üst modulları üçün ilk polad kəsimini icra etməklə layihə mühüm bir hadisəni qeyd etdi.

2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır. 

Qazma əməliyyatları

Dördüncü rüb ərzində Şahdəniz Alfa platforması qazma qurğusunun yenidən aktivləşdirilməsini tamamlayıb və Şahdəniz Alfa quyularında bir sıra əlavə perforasiya işlərinə başlayıb.

İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Rüb ərzində İstiqlal qazma qurğusu SDG03 quyusunda əlavə perforasiya işləri həyata keçirib və qərb cinahında SDD05 quyusunda karotaj və birləşdirmə borularının düzülməsi işlərinə başlayıb. Heydər Əliyev qazma qurğusu isə şərq-şimal cinahında  SDH05 quyusunun qazma işlərini davam etdirib.

Ümumilikdə Şahdəniz 2 çərçivəsində 23 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında dörd quyu daxildir.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).

2025-ci il ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 71 milyon dollar, əsaslı xərclər isə təxminən 38 milyon dollar olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

İl ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr olmuşdur

Digər layihələr

Şəfəq-Asiman

Şəfəq-Asiman dəniz blokunda layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi tələb olunur. Bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün 2025-ci ilin iyun ayında Şəfəq-Asiman HPBS-nin kəşfiyyat dövrü uzadılıb və bp bu dövr üçün operator olaraq qalır. Hazırda gələcək fəaliyyətlərin planlaşdırılması üzrə işlər aparılır.

"Qarabağ" və ADUA

2025-ci ilin iyun ayında bp “Qarabağ” neft yatağının işlənməsi üzrə mövcud Risk Xidməti Sazişinə (RXS) və Əşrəfi – Dan Ulduzu – Aypara (ADUA) sahəsinə aid hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşuldu. bp bu iki sazişin - RXS və HPBS, hər birində SOCAR-dan 35%-lik iştirak payı alaraq hər iki müqavilə üzrə operatordur. Bu sazişlər Xəzərdə mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirmək istiqamətində bp-nin SOCAR-la əməkdaşlığında yeni perspektivlər açır.

Qarabağ yatağında ilk addım olaraq dənizdibi sensor qovşaqlarla (OBN) tədqiqat daxil olmaqla seysmik tədqiqat proqramı həyata keçirilir. OBN tədqiqatının yataq haqqında bilgiləri artıracağı, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək edəcəyi gözlənilir. OBN tədqiqatı 2025-ci ilin dekabrında başlayıb və təqribən 3 ay yarım davam edəcək. Bundan əlavə proqram çərçivəsində yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) tədqiqatın da aparılması nəzərdə tutulur. Bu tədqiqatda əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir. HR/UHR tədqiqatın 2026-cı ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi planlaşdırılır.

Qarabağ yatağında seysmik tədqiqat proqramına aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı 2025-ci ilin oktyabr ayında ictimaiyyətə açıqlanıb və sənədin yekun variantı dekabrda dövlət tərəfindən təsdiqlənib.

ADUA layihəsi üzrə ilk addım olaraq 2026-cı ilin fevral və aprel ayları arasında suyun 20-40 metr dərinliyində seysmik tədqiqat proqramının aparılması planlaşdırılır. Proqrama 2D yüksək dəqiqlikli (HR) seysmik tədqiqat daxildir. Qısa müddət üçün nəzərdə tutulmuş bu tədqiqatın 20 günədək davam edəcəyi və ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edəcəyi nəzərdə tutulur. Tədqiqatda əsas məqsəd yerin təxminən 1500 metr dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək verməkdir. Tədqiqat yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsinə kömək edəcək.

ADUA blokunda seysmik tədqiqat proqramına aid ƏMTQ sənədinin layihə variantı 2025-ci ilin dekabr ayında ictimaiyyətə açıqlanıb və nəzərdən keçirilmək üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.

İşçi heyətimiz

2025-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2344 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək. 

Sosial sərmayələr 

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2025-ci ildə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 2,4 milyon dollar vəsait xərcləmişlər. İl ərzində bu layihələrə 25 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil idi.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2025-ci ildə təxminən 1,8 milyon dollar vəsait xərcləyib.

Bunlara 24 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə, ölkənin mədəni irsini və idmanı təbliğ edən 2 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 14 konfrans və seminara dəstək, yəni ümumilikdə 47 layihə daxildir.

 

bp Azərbaycan Gürcüstan Türkiyə AÇG Azəri-Çıraq-Günəşli hasilat SOCAR MOL İNPEKS EksonMobil TPAO İTOÇU ONGC Videş BP Exploration (Caspian Sea) Limited əməliyyat xərcləri əsaslı xərclər 4D seysmik tədqiqat Dərinsulu Günəşli quyuya dikborusuz yüngül müdaxilə (QDYM) Blue Ocean (BORİS) sualtı müdaxilə Xankəndi sualtı tikinti gəmisi hasilat səviyyəsi neft hasilatı Səmt qazı sərbəst qaz Qırmakıüstü Qumlu (QÜQ) Qırmakıaltı (QA) Səngəçal terminalı BTC boru kəməri Ceyhan terminalı Şahdəniz Şahdəniz Alfa Şahdəniz Bravo Şahdəniz 2 layihəsi Şahdəniz Kompressiya (ŞDK) eNUI platforması qazma əməliyyatları İstiqlal qazma qurğusu Heydər Əliyev qazma qurğusu Cənubi Qafqaz Boru Kəməri (CQBK) CQBKG Şəfəq-Asiman Qarabağ yatağı ADUA
12.02.2026 12:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18