Sahələrdə 20 qəpik, bazarlarda 60 qəpik - 1 manat - FERMERLƏR "YANIR"
Qiymətlər çəkilən xərci ödəmir. Masallı fermerləri kartofu istidə saxlaya bilmirlər – soyuducu anbarlara ehtiyac varBazarlarda 60 qəpik - 1 manata satılan kartofun sahələrdə qiyməti 20 qəpikdir. Hazırkı vəziyyət min tonlarla kartof yerişdirən Masallı fermerlərinə çəkdikləri xərci çıxarmağa belə imkan vermir.
Ötən il kartofu yaxşı qiymətə satan Masallı fermerləri bu il ruhlanaraq 70 hektar çox, yəni 900 hektar sahədə məhsul yetişdiriblər. Amma onların sevinci uzun çəkməyib. Bir neçə həftə əvvəl istixana kartofu 1 manat - 1 manat 30 qəpiyə satılsa da, indi faraş kartofu 4-5 dəfə ucuz alırlar, yəni 20 qəpiyə. Fermerlər deyirlər ki, bu qiymət çəkilən xərclərin heç yarısını belə ödəmir.
Rayonun ən çox, 150 hektar sahədə kartof yetişdirən böyük Təklə kəndinin fermerləri də eyni durumdadır.
“Kartofun satışı maya dəyərinin yarısını da ödəmir, çox aşağı, yəni 20-25 qəpiyədir. Bu, fəhlə puludur, çəkilən əziyyətə, xərcə uyğun gəlmir. Sağ olsun dövlət torpaq verib, 8 hektar sahədə əkin aparmışam. Məhsulumuz da yaxşıdır. Amma qiymətlər çəkilən xərci ödəmir”, - fermer Pərviz Həsənov deyir.
İşçi Fərid Nağdıyev də qiymətin ucuz olmasından gileylənir. Bildirir ki, 1 manat 30 qəpiyə toxum alıb əkib, amma məhsul 20 qəpiyədir. İşçilər sahədə günü 12-15 manata işləyirlər. Fermerin qazancı olmadığına görə, burada da ziyan edirlər.
Sahələrin çoxunda kartof hələ də çıxarılmayıb. İsti havalarda uzun müddət torpaq altında qalan kartofun çürüməsi qaçılmazdır. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il kartofun bol olması və Rusiya bazarlarına çıxışın əvvəlki illərlə müqayisədə azalması qiymətə təsir göstərir. Rayonda anbarların olmaması isə vəziyyəti daha da çətinləşdirir.
Qeyd olunub ki, 2023-cü ildə 900 hektar sahədə kartof əkilib. Bu da keçən illə müqayisədə 60-70 hektar çoxdur. Ötən illərdən fərqli olaraq bu il kartof əsasən daxili bazara çıxarılır deyə, hazırda qiymət 20-25 qəpikdir. Əsas səbəblərdən biri də rayonda anbarın olmamasıdır. Bir neçə aydan sonra qiymətin 60-80 qəpiyə olacağı proqnozlaşdırılır. Amma hazırkı qiymət fermerləri qane etmir. Anbar olsa, fermerlər məhsullarını orada saxlayıb, payız-qış aylarında yaxşı qiymətə satışa çıxararlar. Bu məsələ ilə bağlı müvafiq qurumlara da müraciət olunub.
Məsələyə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də münasibət bildirib. KOBİA-nın KOB dostu departamentinin müdir müavini Eldəniz Əmirov qeyd edib ki, Agentlik problem barədə məlumatlıdır: “Masallı rayonunun Təklə kəndində kənd təsərrüfatı ilə məşğul olan fermerlərin problemləri barədə məlumatlıyıq. Qısa müddət ərzində məsələ KOBİA tərəfindən araşdırılacaq və nəticəsi barədə əlavə məlumat veriləcək”.
Sahibkarlığın İnkişafı Fondundan verilən məlumata görə, Fond tərəfindən son 5 ildə, ümumilikdə, 18 soyuducu anbar kompleksinə 25,1 milyon manat güzəştli kredit verilib. Bu dövrədə Qubada 5, Qusar və Tovuzda hərəsində 4, Xaçmaz, Ağdaş, Sabirabad, Bakı və Sumqayıtda hərəsində 1 layihə üzrə güzəştli kredit ayrılıb.
“Anbar komplekslərinin yaradılması ilə əlaqədar layihələrin dəstəklənməsi 2023-cü ildə də Fondun güzəştli kredit mexanizmi üzrə prioritet istiqamətlərinə daxil edilib. Sahibkarlar anbar kompleksi layihələrinin dəstəklənməsi üçün Fondun müvəkkil kredit təşkilatlarına (banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları) müraciət edərək, güzəştli kreditdən yararlana bilərlər”, - deyə Fonddan bildirilib.
Belə nəticəyə gəlmək olar ki, eyni problemin növbəti illərdə də yaşanmaması üçün rayonda soyuducu anbarların tikilməsi vacibdir. Bunun üçün dövlətin ayırdığı güzəştli kreditlərdən yararlanmaq olar. Soyuducu anbarlar tikilərsə, bu, fermerlərin problemini qismən həll etməklə yanaşı, xaricdən asılılığı da azaldar.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı













.jpg)







